Tədbirlər, eyni zamanda, Özbəkistan Kardiologiya Mərkəzinin 50 illik yubileyinə həsr olunmuş beynəlxalq konqres çərçivəsində təşkil edilib.
Beynəlxalq tədbirdə Azərbaycanı Səhiyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşı Rəna Hüseynova, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşovanın rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də digər aidiyyəti qurumların nümayəndələri təmsil ediblər.
Özbəkistan Kardiologiya Mərkəzinin direktoru Xurşid Fozilov mərkəzin 50 illik yubileyi çərçivəsində təşkil olunan bu mötəbər tədbirin kardiologiya sahəsində təcrübə mübadiləsi baxımından geniş imkanlar açacağını bildirib.
Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi İdarə Heyətinin sədri Yeganə Abbasova çıxış edərək türk dövlətləri arasında orqan donorluğu və transplantasiya sahəsində qarşılıqlı fəaliyyətin inkişafının vacibliyini vurğulayıb.
Mərkəz sədri qeyd edib ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində 2023-cü ildə səhiyyə naziri Teymur Musayev tərəfindən türk dövlətləri arasında transplantasiya sahəsində əməkdaşlığın genişləndirilməsi və “TürkTransplant” vahid informasiya sisteminin yaradılması təşəbbüsü irəli sürülüb. 2024-cü ildə Şuşada “TürkTransplant” vahid informasiya sisteminin yaradılması ilə bağlı Niyyət Protokolunun imzalanmasını bu istiqamətdə mühüm addım kimi qiymətləndirən Yeganə Abbasova bildirib ki, bu sənəd türk dövlətlərində transplantasiya sahəsində çalışan mütəxəssislər arasında əlaqələrin genişləndirilməsi, qabaqcıl təcrübələrin paylaşılması və elmi-tədqiqat əməkdaşlığının inkişafı üçün yeni imkanlar yaradacaq.
Tədbir çərçivəsində Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinin dekanı, Terapiya kafedrasının dosenti Törə Sadıqova “Kardio-onkologiyanın inkişafı və perspektivləri” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda kardio-onkologiyanın müasir tibbdə rolu, onkoloji xəstələrdə ürək-damar ağırlaşmalarının profilaktikası, erkən aşkarlanması və müalicəsi istiqamətində əldə olunan nailiyyətlər və gələcək perspektivlər barədə ətraflı məlumat verilib.
Terapiya kafedrasının dosenti Aygün Kazımlı “Pulmonar hipertenziya” mövzusunda məruzəsində pulmonar hipertenziyanın etiologiyası, diaqnostikası və müalicəsinin müasir yanaşmaları, eləcə də xəstəliyin erkən aşkarlanmasının əhəmiyyəti diqqətə çatdırılıb.
III Türkdilli Dövlətlər Kardioloqları Qurultayı və “Özbəkistan–Azərbaycan” Tibbi Forumu türk dövlətləri arasında səhiyyə və tibb sahəsində əməkdaşlığın inkişafı, təcrübə mübadiləsi və müasir tibbi yanaşmaların müzakirəsi baxımından mühüm platforma olub.